Xəbərlər
Vilştetter Rixard Martin
Noy 06, 2017 | 14:29 / Maraqlı məlumatlar
Oxunub 502 dəfə

Rixard Martin 1872-ci ilin avqustun 13-də Almaniyanın Karlsrue şəhərində anadan olmuşdur.

1890-cı ildə Vilştetter Münxen texniki universitetinə daxil olur ki, kimyanı öyrənsin, amma, tezliklə o, Münxen universitetinə Adolf fon Bayerin laboratoriyasına keçir.

1905-ci ildə Vilştetter Sürix Federal texnoloji institutunda professor vəzifəsini tutur. Məhz Sürixdə Vilştetter bütün çiçək açan bitkilərdə, qıjıkimilərdə, yosunlarda olan yaşıl rəngli maddəni-xlorofillin tədqiqi ilə məşğul olmağa başlayır. O dövrdə belə hipotez mövcud idi ki, hər bir bitki növündə xlorofillin öz növü mövcuddur, amma, Vilştetter sübut etdi ki, bu, belə deyil.

Vilştetter göstərdi ki, xlorofilldə bir əsas struktur mövcuddur.

Bundan başqa o, əsaslandırdı ki, xlorofill üçün bir struktur xarakterik olsa da onun demək olar ki, iki eyni forması mövcuddur. Öz işini davam etdirərək Vilştetter 200-dən çox bitkini analiz edərək xlorofillin universallığını müəyyən edir. Beləliklə, o, bütün dünyada xlorofillin bir fundamental strukturunun olmasını nümayiş etdirir. Buradan belə bir nəticə çıxır ki, hər yerdə fotosintez zamanı eyni kimyəvi reaksiya baş verir. 1912-ci ildə Vilştetter yeni yaradılmış kayzer Vilhelm adına instituta (Berlində) keçir və burada bitkilərin göy, qırmızı və bənövşəyi piqmentlərini tədqiq edir. Vilştetter müəyyən edir ki, suda həll olan piqmentlərin strukturları eyni olsa da müxtəlif rənglər əmələ gəlir.

Vilştetterin tədqiqatları 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi zamanı dayanır. Bir neçə il öncə dağda aldığı zədə səbəbindən alim hərbi xidmətdən azad edilir.

1915-ci ildə Vilştetterə “bitki aləminin boyayıcı maddələrinin xüsusən xlorofillin tədqiqinə görə” kimya üzrə Nobel mükafatı verilir.

Müharibə dövründə mükafatların təqdim olunma mərasimləri təxirə salındığından Vilştetter mükafatı 1920-ci ildə alır.

Vilştetter London kral cəmiyyətinin Devi medalına da layiq görülmüş və Oksford, Mançester və Parij universitetlərinin fəxri dərəcələrinə layiq görülmüşdür.

1916-cı ildə Vilştetter Münxen universitetində Adolf Bayerin yerinə professor seçilir. Nasistlərin hakimiyyətə gəlməsi ilə Vilştetterin həyatı çətinləşir. Bir neçə dəfə gizli olaraq Almaniyanı tərk etməyə cəhd edən Vilştetterə Almaniyadan İsveçrəyə getməyə icazə verilir və o, həyatının qalan hissəsini orada yaşayır.

Alim 1942-ci ilin avqustun 3-də ürək xəstəliyindən vəfat edir.

JURNALLAR
Faydalı linklər