Xəbərlər
Maqnezium-sulfat haqqında
Noy 02, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 28660 dəfə

1618-ci ildə İngiltərənin Epsom vilayətindən olan Henri Uiker adlı bir fermer inəklərinin bir quyunun suyunu içməkdən imtina etməsini müşahidə edir. O həmin sudan özü içməyə cəhd edəndə suyun acı olduğunu görür. O vaxtdan həmin suya acılıq verən bu duz ingilis duzu  adı ilə məhşurlaşır.

İngilis duzu olaraq da bilinən maqnezium-sulfata təbiətdə monohidrat formasında rast gəlinir. Onun süni yolla alınan kristalhidratı heptahidrat olub bir molunda 7 mol su saxlayır. Görünüşcə ağ, kristal maddə olan bu duz suda və qliserində yaxşı həll olur. Etil spirtində həll olması isə zəifdir. Onu yeraltı suların buxarlandırılmasından əldə edirlər.

Tətbiq sahələri çoxşaxəlidir. Bildiyimiz kimi maqnezium elementi xlorofilin strukturuna daxil olduğundan bitkilər üçün əhəmiyyətlidir. Yetərincə maqnezium ionu qəbul edə bilən bitkinin yarpaqları daha məhsuldar fotosintez apara bilir, beləcə bitki daha güclü və daha dözümlü olur. Bu səbəbdən maqnezium-sulfat maqnezium gübrəsi kimi istifadə olunur. Bundan başqa ondan dərman və toxuculuq sənayesində, həmçinin kosmetika və yuyucu vasitələrin hazırlanmasında da istifadə edirlər. Bir dərman kimi ondan qan təzyiqinə və qandakı maqneziumun miqdarına təsir göstərmək üçün istifadə olunur. Susuz maqnezium-sulfatdan ammonyak, aminlər, nitrillər, karbohidrogenlərin halogenli törəmələri, aseton kimi bir çox maddənin susuzlaşdırılmasında istifadə edirlər. Ondan üzmə terapiyalarında hovuzdakı suyun sıxlığını dəyişmək məqəsdi ilə də istifadə edilə bilir. Bəzi mənbələrdə maqnezium-sulfat qarışdırılmış suda ayaqların saxlanılması zamanı ayaq ağrılarının yüngülləşdiyi yazılır. Tibbdə ondan işlətmə dərmanı kimi və sidik qovucu vasitə kimi istifadə olunur. Bu duzun böyrək daşlarının tökülməsində və öd qatılaşmalarını aradan qaldırmasında da rolu olduğu göstərilir. Bütün bunlarla yanaşı qeyd olunmalıdır ki, bu duzun tibbi məqsədlər içün istifadəsi zamanı mütləq həkimlə məsləhətləşmək lazımdır. Belə ki, artıq miqdarı qəbul edildiyi zaman qızdırma, islah və qusma kimi hallar müşahidə oluna bilər. Onun intensiv istifadə olunması isə orqanizmdən su ixracını artırdığı üçün mineral çatışmazlığına səbəb ola bilər.  

JURNALLAR
Faydalı linklər