Xəbərlər
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Noy 01, 2017 | 18:00 / Konfranslar, iclaslar
Oxunub 7109 dəfə

Noyabrın 1-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəbliyə 90 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Türk incəsənətinin dövrləşdirilməsi problemi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, dövrləşmə türk dünyası sənət tarixinin yaradılması yolunda əsas problemlərdən biridir və öyrənilən mədəniyyət haqqında obyektiv məlumat almağa imkan verən xronoloji sistemdir.

Qeyd edilib ki, postsovet türk ölkələri içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib, bu sahədə tədqiqat işləri hələ 1940-1950-ci illərdən başlayıb.

Məruzə dinlənildikdən və suallar cavablandırıldıqdan sonra Rəyasət Heyəti müvafiq qərar qəbul edib.

İclasda “Elmin kommersiyalaşdırılması və bilik əsaslı iqtisadiyyatın inkişafında özəl sektorun rolu” mövzusunda Biznes Forumun keçirilməsi, Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması və digər məsələlər müzakirə olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın AMEA-da icrası ilə bağlı akademik Akif Əlizadə bildirib ki, respublikada davamlı olaraq həyata keçirilən gənclər siyasətinin əsas məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaqdır.

AMEA-nın rəhbəri sərəncamda AMEA-nın qarşısında mühüm vəzifələr qoyulduğunu, bu məqsədlə Tədbirlər Planının hazırlandığını bildirib.

Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiqlənib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın www.elm.gov.az portalı və Elm TV İnternet-televiziyasının (www.elmtv.az) fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub. Mövzu ilə əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev çağdaş dövrdə hər bir qurumun informasiya siyasətinin təmin olunmasında ənənəvi KİV ilə yanaşı, veb-sayt və portallar, İnternet TV-lərin də böyük rol oynadığını qeyd edərək idarənin Elektron informasiya (www.elm.gov.az) və ElmTV İnternet-televiziyası (www.elmtv.az) şöbələrinin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün mövcud problemlərdən danışıb.

AMEA Rəyasət Heyəti tərəfindən Akademiyanın www.elm.gov.az portalı və www.elmtv.az saytının texnoloji modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətdə müvafiq tədbirlərin görülməsi qərara alınıb.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.

JURNALLAR
Faydalı linklər