Xəbərlər
AMEA-nın müxbir üzvü Akif Musayevin 70 illik yubileyinə həsr olunan konfrans keçirilib
Okt 12, 2017 | 12:59 / Konfranslar, iclaslar
Oxunub 6762 dəfə

Mərkəzi Elmi Kitabxanada İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunan "Strateji iqtisadi islahatlar: qabaqlayıcı vergi siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

İqtisadiyyat İnstitutu və Bakı Biznes Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın elmi ictimaiyyəti, tanınmış iqtisadçılar, həmçinin Rusiya, Gürcüstan, Rumıniya və Serbiyadan alimlər iştirak ediblər.

Konfransda institutun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov çıxış edərək alimin elmi tədqiqat fəaliyyəti barədə danışıb. Qeyd edib ki, onun rəhbərliyi altında 35 fəlsəfə, 5 elmlər doktoru hazırlanıb. A.Musayevin Azərbaycandan kənarda da görkəmli iqtisadçı kimi tanındığını deyən N.İmanov alimin əsərlərinin Rusiyada, Türkiyədə, Macarıstanda və digər ölkələrdə çap olunduğunu söyləyib.

N.İmanov daha sonra Akif Musayevin yeni çapdan çıxan biblioqrafik göstəriciləri kitabını konfrans iştirakçılarına təqdim edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək akademiyanın prezidenti adından konfrans iştirakçılarını salamlayıb.

SSRİ-də siyasi-iqtisad elminin prioritet istiqamət kimi qəbul edildiyini deyən akademik 1970-ci illərin əvvələrindən etibarən iqtisadi-riyazi modelləşdirmə anlayışının gündəmə gəldiyini və A.Musayevin bu sahənin görkəmli nümayəndəsi olduğunu bildirib. Qeyd edib ki, alim iqtisadi-riyazi modelləşdirmə istiqamətində önəmli tədqiqatlar apararaq Azərbaycanda bu məktəbin əsasını qoyub.

A.Musayevin vergilər istiqamətində xidmətlərinə də toxunan akademik sözügedən sahənin qanunvericilik bazasının təkmilləşdirilməsində, perspektivlərinin müəyyənləşdirilməsində, həmçinin kadrların hazırlanmasında önəmli xidmətləri olduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Ali təhsildə islahatların strateji istiqamətləri",  Rusiyanın Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitunun direktor müavini Georgi Kleyner, “İqtisadi islahatlar, strateji planlaşdırma, dövlət tənzimləməsi: sistemli yanaşma”, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin əməkdaşı, akademik Vladimir Papava “Texnoloji yeniliklərin fiskal stimullaşdırılması” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfrans öz işini plenar iclaslarla davam etdirib.

JURNALLAR
Faydalı linklər