Xəbərlər
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Okt 12, 2017 | 09:50 / Konfranslar, iclaslar
Oxunub 8472 dəfə

Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyevə "Şöhrət" ordenini, kimya üzrə elmlər doktoru Elmira Süleymanovaya, akademiklər Vasim Məmmədəliyev və Arif İsmayılzadəyə, AMEA-nın müxbir üzvü Çingiz Əliyevə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ akademik Əhliman Əmiraslanovun 70 illik yubileyi ilə bağlı olub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, tibb elminin inkişafında böyük xidmətləri olan Əhliman Əmiraslanovun elmi-tədqiqat işlərinin əsas istiqamətini bədxassəli şişlərin öyrənilməsi, səmərəli müalicə metodlarının və profilaktik tədbirlərinin hazırlanması, təkmilləşdirilməsi, bu metodların təcrübədə uğurla tətbiqi təşkil edir.

Akademik Akif Əlizadə qeyd edib ki, Ə.Əmiraslanov AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkədə tibb və biologiya elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, tədqiqatların ən müasir metodlarla aparılmasında, elmi işlərin yüksək səviyyədə təşkili və modernləşdirilməsində, elmi ictimaiyyətin ümumi məqsədlər üçün səfərbər edilməsində böyük rol oynayıb.

Rəyasət Heyəti akademik Əhliman Əmiraslanovun çoxillik elmi-təşkilati, pedaqoji və ictimai xidmətlərini nəzərə alaraq qərar qəbul edib. Qərarda alimin yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi, biblioqrafiyasının nəşri, respublika dövri mətbuatında onun elmi, elmi-təşkilati və ictimai fəaliyyətini əks etdirən məqalələrin dərci, radio və televiziyada verilişlərin hazırlanması, həmçinin Dövlət tərəfindən təltif edilməsi haqqında müvafiq təşkilatlar qarşısında vəsatət qaldırılması öz əksini tapıb.

Gündəlikdə yer alan növbəti məsələ elmi müəssisələrdə 2017-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub. Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev institutların elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatlarının təlimata uyğun hazırlanmasına dair tövsiyələrini verib. Akademiyanın institut və təşkilatlarında, habelə nazirlik və digər dövlət qurumlarının tabeliyində olan elmi müəssisələrdə və ali məktəblərdə cari ildə aparılan tədqiqat işlərinin yekunlarına dair hesabatların vaxtında müzakirə və təsdiqini təmin etmək məqsədilə Rəyasət Heyəti qərar qəbul edib. Qərarda AMEA-nın elmi bölmələrinin, institut və təşkilatlarının, regional elmi mərkəzlərinin, Rəyasət Heyəti aparatının idarə, şöbə və digər struktur vahidlərinin, Yüksək Texnologiyalar Parkının, elmi-istehsalat birliklərinin, tabeliyində elmi müəssisələr və ali məktəblər olan nazirliklər və digər dövlət qurumlarının fəaliyyətləri ilə bağlı hesabatların aidiyyatı üzrə təqdim olunmasına dair tapşırıqlar yer alıb.

Tədbirdə Botanika və Dendrologiya institutları üzrə direktor seçkilərinin keçirilməsi məsələsinə də baxılıb. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nə əsasən Akademiyanın elmi müəssisəsinin direktoru tabeliyində olduğu bölmənin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və Rəyasət Heyəti tərəfindən təsdiq olunur.

Rəyasət Heyəti adları çəkilən institutlarda direktor seçkiləri keçirilməsi ilə bağlı qərar qəbul edib və bölməyə müvafiq tapşırıqlar verib.

İclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin 90 illik yubileyi və numizimatika elminin inkişa­fın­dakı xidmətlərini nəzə­rə alaraq onun AMEA-nın Fəxri fərmanı ilə təl­tif edil­məsi haqqında qərar qəbul olunub.

Sonda kadr məsələsinə baxılıb.

JURNALLAR
Faydalı linklər