Xəbərlər
Bilirsinizmi?
Sen 25, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 4378 dəfə

Uilyam Ramzay 1852-ci ilin oktyabrın 2-də Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Təhsilini Qlazqo Akademiyasında alan Ramzay kimyanı öyrənməyi Qlazko Universitetində Tomas Andersonun rəhbərliyi altında davam etdirdi. Sonra Tyubingen Universitetində Vilhelm Fittiqin rəhbərliyi altında aspiranturada oxudu. “Toluol və nitrotoluol turşuları adlı dissertasiya müdafiə etdi. Qlazkoya Andersonun asistenti kimi dönür və 1879-cu ildə Bristol Universitetində kimya professoru vəzifəsini alır. 1881-ci ildə universitetin rektoru seçilir və eyni zamanda tədqiqatlarını davam etdirir.

1887-ci ildə Ramzay London Universitetinin mötəbər kimya kafedrasında Aleksandr Uilyamsonu əvəz edir. Məhz burda Ramzay özünün əsas kəşflərini etmişdi. 1885-1890-cı illərdə o, azot oksidləri haqqında bir neçə maraqlı məqalələr çap etdi və gələcəkdə istifadə etmək üçün üsullar işlənib hazırlandı. 1894-cü ildə aprelin 19-da Ramzay Lord Relleyin mühazirəsinə qatıldı. Relley süni yolla alınmış azot ilə havanın digər komponentlərinin kənarlaşdırılması ilə alınan azotun sıxlıqları arasında fərq olduğunu söylədi. Qısa diskussiyadan sonra Ramzay və Relley bu hadisəni öyrənməyi razılaşdırdılar. Avqustda Ramzay Relleyə məlumat verdi ki, o, havanın əvvəllər məlum olmayan komponentini aşkar etmişdir ki, bu komponent çox güman ki, kimyəvi reaksiyaya girmir və Ramzay bu qazı “arqon” adlandırmışdı. Sonrakı illərdə o, neon, kripton və ksenon kimi qazları da kəşf etmişdi. Ramzay həmçinin, əvvəllər yalnız Günəş spektrində müşahidə olunmuş, amma Yerdə müşahidə olunmamış heliumu da havadan ayırdı.

Ramzay molekulyar fizika ilə də məşğul olmuş, broun hərəkətlərini, maddələrin kritik vəziyyətlərini tədqiq etmişdi. O, 1884-cü ildə sinkin atom çəkisini müəyyən etdi. 1887-ci ildə Ramzay asetilendən və hidrogen sianiddən piridini sintez etdi. 1883-cü ildə mayenin səthi gərilmə qiymətinə əsasən onun molekul çəkisini təyin etmək üsulunu təklif etdi. Ramzay 1910-cu ildə mikrotərəzilər kəşf etdi. Onun son işləri elementlərin radioaktiv çevrilmələrinə aid idi. Ramzay Peterburq Elmlər Akademiyasının fəxri üzvü idi (1913).

Ramzay 1916-cı ilin iyulun 23-də Qlazqoda vəfat etmişdi. Bu ölümə səbəb radiaktiv şüalanma nəticəsində burun boşluğunda əmələ gələn xərçəng xəstəliyi olmuşdu. 

JURNALLAR
Faydalı linklər