Xəbərlər
FotoVideo
AMEA elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib
Mart 10, 2017 | 12:58 / Konfranslar, iclaslar
Oxunub 7916 dəfə

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul əməkdaşları iştirak ediblər.

İlk olaraq AMEA-nın elmi müəssisələrində analitik cihazların səmərəli istifadəsinin monitorinqinin nəticələri müzakirə olunub. Məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin baş mütəxəssisi Arzu Əlizadə bildirib ki, mərkəz ümumilikdə beş institutda cihaz və avadanlıqların monitorinqini aparıb: “Cihazların real vəziyyətini öyrənməkdə məqsəd institutları ISO 17025 standartının tələblərinə uyğun akkreditasiyaya hazırlamaqdır” - deyən A.Əlizadə monitorinqin AMEA-nın digər elmi müəssisələrində də keçiriləcəyini qeyd edib.

Tədbirdə İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev AMEA-nın Yüksək Texnologiyalar Parkında həyata keçirilən layihələr, innovativ yeniliklərin istehsalatda tətbiqi haqqında danışıb. F.Abdullayev həmçinin AMEA ilə Silahlı Qüvvələrin Hərbi Akademiyası  arasında elmi-texniki və təhsil sahələrində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən yerinə yetirilən layihələr üzrə sınaqların yekunlaşdığını bildirib.

Sonra Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov AMEA-nın dünyanın nüfuzlu elmi bazalarında, akademik sosial şəbəkələrdə əsas göstəriciləri, "Thomson Reuters" beynəlxalq elmi istinad indekslərinin elmimetrik verilənlər bazasından istifadənin vəziyyəti ilə bağlı çıxış edib. Natiq AMEA-nın 2016-cı ilin yekunlarına dair "Web of Science", "ScimagoJournal&CountryRank" kimi dünyanın nüfuzlu elmi bazalarında olan elmi analitik göstəricilər, AMEA-nın beynəlxalq reytinqi haqqında məlumat verib, alimlərimizin akademik sosial şəbəkələrdən istifadə vəziyyətinin araşdırıldığını bildirib.

“Web of Science” bazasında 2016-cı ildə AMEA alimləri tərəfindən 427 elmi əsər dərc olunduğunu deyən F.Kazımov bunun respublika üzrə “Web of Science” bazasına daxil olan elmi əsərlərin 56 faizini təşkil etdiyini vurğulayıb. Natiq bildirib ki, AMEA “ScimagoInstitutionsRanking” bazasının araşdırmasına əsasən 5147 təşkilat arasında 672-ci, “RankingWeb of ResearchCenters” bazasının araşdırmasına görə isə 7953 təşkilat arasında 1872-ci yerdədir.

Sonra Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov AMEA-nın doktoranturasında 2016-cı ilin qış imtahan sessiyasının yekunlarını təqdim edərək ixtisas, xarici dil və fəlsəfə fənni üzrə doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini diqqətə çatdırıb. O həmçinin 2017-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya  qəbulun gedişi barədə də məlumat verib. Bildirib ki, AMEA üzrə cari il üçün fəlsəfə doktoru hazırlığı üzrə 99 nəfər, elmlər doktoru hazırlığı üzrə 48 nəfər, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 136 nəfər, elmlər doktoru hazırlığı üzrə 76 nəfərin qəbul planı təsdiq edilib.

Magistrantların tədris prosesi haqqında da danışan Ə.Sadıqov vurğulayıb ki, bu il AMEA-nın 18 nəfər tələbəsi məzun olacaq. O, AMEA-nın prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən elan olunan "Magistr-2017" müsabiqəsində builki məzunların da iştirak edə biləcəyini diqqətə çatdırıb.

Tədbirdə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva AMEA-nın beynəlxalq proqramlarda iştirakı haqqında danışıb. O bildirib ki, NATO-nun Sülh və Tərəfdaşlıq, Avropa Komissiyasının Çərçivə və Horizon 2020, eləcə də Ukrayna Elm və Texnologiya Mərkəzinin “Məqsədli Təşəbbüslər” proqramlarında Akademiya əməkdaşları üçün xarici həmkarlarla müştərək layihələrdə işləmək üçün şərait yaradılır. O, qeyd olunan proqramlar üzrə bir sıra intitutlarda müxtəlif layihələrin icra olunduğunu, həmçinin UNESKO, Fulbrayt, DAAD və İslam İnkişaf Bankının Təqaüd proqramlarının dəstəyi ilə doktorant və gənc alimlərin qabaqcıl ölkələrin elmi təşkilatlarında tədqiqat aparmaq, təcrübə keçmək, treninqlərdə və beynəlxalq elmi forumlarda iştirak etmək imkanı əldə etdiklərini diqqətə çatdırıb.

İclasda AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyən olunmasına dair aparılan monitorinqin nəticələri də açıqlanıb. AMEA Rəyasət heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva ümumilikdə akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursunun analiz edildiyini bildirib: “Monitorinqin aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri baxımından AMEA-nın elmi müəssisə və təşkilatlarının saytlarında informasiyaların, həmçinin müraciətlərin kəmiyyət göstəricilərini nəzərə almaqla, mövcud vəziyyəti araşdırmaq, o cümlədən saytların fəaliyyətini stimullaşdırmaq, elmin populyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olan jurnalistləri,  yaradıcı kollektivi həvəsləndirməkdir. 

Daha sonra AMEA-nın elmi müəssisələrində kadr intizamının vəziyyəti müzakirə edilib. Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev məsələ ilə bağlı institut və təşkilatlarda seminarlar təşkil olunduğunu bildirib. O, müəssisələrdə aparılan yoxlamaların nəticəsini təqdim edərək bu istiqamətdə tövsiyələrini verib. 

JURNALLAR
Faydalı linklər