Xəbərlər
Foto
Azərbaycanlı alimlər Qazaxıstan Milli Elmlər Akademiyasının 70 illik yubileyində iştirak ediblər
Fev 24, 2017 | 12:58 / Konfranslar, iclaslar
Oxunub 7886 dəfə

Fevralın 22-də Almatı şəhərində Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaq keçirilib.

Yubiley tədbirində bu respublikanın tanınmış elm, mədəniyyət və incəsənət adamları, ictimai-siyasi xadimlər, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Özbəkistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələn nümayəndə heyətləri iştirak ediblər.

Ümumi yığıncaqda çıxış edən Qazaxıstan Respublikasının Prezidenti, akademik Nursultan Nazarbayev sessiya iştirakçılarını qurumun 70 illik yubileyi münasibətilə təbrik edib, ölkə elminin təşəkkülündə Akademiyanın xidmətlərindən danışıb. Hazırda Qazaxıstan Milli Elmlər Akademiyasının ölkənin elmi-intellektual mərkəzi oduğunu qeyd edən Nursultan Nazarbayev dünyada fəaliyyət göstərən elmi mərkəzlərin bir-birilə sıx əməkdaşlıq etməsinin, alimlərin elmin prioritet sahələrində birgə tədqiqat işləri aparmasının zəruriliyini vurğulayıb.

Sonra Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov rəhbərlik etdiyi qurumun ölkənin elm, mədəniyyət və iqtisadiyyatının inkişafındakı rolundan bəhs edən məruzə ilə çıxış edib. Elm sahəsində həyata keçirilən islahatlar və əldə olunan son nailiyyətlər barədə məlumat verən akademik Qazaxıstan alimlərinin əldə etdiyi uğurların “EXPO-2017” beynəlxalq sərgisində nümayiş olunacağını bildirib.

Yubiley tədbirində respublikamızı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev və AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov təmsil ediblər. Təbrik nitqində birgə elmi tədqiqatların prioritet sahələrindən danışan akademik Dilqəm Tağıyev iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. 

JURNALLAR
Faydalı linklər