Xəbərlər
Foto
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub
May 31, 2016 | 11:00 / Yubileylər
Oxunub 2919 dəfə

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli Sərəncamına əsasən, Azərbaycanın görkəmli alimi , tanınmış ictimai-siyasi və dövlət xadimi, respublika səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Növbəti yubiley tədbiri mayın 31-də AMEA-nın Əsas binasının Dairəvi zalında keçirilib. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında böyük xidmətləri olan Vəli Axundovun həyatı və fəaliyyətindən danışıb. Bildirib ki, akademik V.Axundov dövlət idarəçiliyində müxtəlif məsul vəzifələrdə çalışdığı uzun illər ərzində təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə mühüm töhfələr verib.

AMEA rəhbəri hələ 20 il bundan əvvəl ulu öndərin Sərəncamı ilə Vəli Axundovun 80 illik yubileyinin keçirilməsini xatırladıb: “Ümummilli lider Heydər Əliyevin 21 aprel 1996-cı il tarixli Sərəncamı əsasında 21 iyun 1996-cı ildə V.Axundovun anadan olmasının 80 illik yubileyi AMEA-da qeyd olunmuşdur. Yubiley iclasındakı çıxışında Heydər Əliyev demişdir: “Azərbaycanın birinci rəhbəri kimi, o dövrdə görülmüş işlərdə, qazanılmış uğurlarda Vəli Axundovun rolu böyükdür, yüksək qiymətə layiqdir və mən bu gün bunu böyük məmnuniyyətlə qeyd edirəm”.

Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Akademik Vəli Axundovun elmi və elmi-siyasi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Alimin şərəfli ömür yolundan, geniş elmi və ictimai fəaliyyətindən, xalqımız qarşısında xidmətlərindən söhbət açan akademik Ə.Əmiraslanov bildirib ki, V.Axundov 1935-ci ildə Bakı Sənaye Texnikumunu, 1941-ci ildə isə Azərbaycan Tibb İnstitutunu bitirib. V.Axundov hərbi həkim kimi 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, ordudan tərxis olunduqdan sonra Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda işləyib, instituta və Səhiyyə Nazirliyinə rəhbərlik edib. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifələrində çalışıb. V.Axundov eyni vaxtda Sov.İKP MK-nın Zaqafqaziya bürosunun üzvü olub. 1969-cu ildə Elmlər Akademiyasının vitse-prezidenti seçilib, 1972-ci ildə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna direktor təyin edilib.

Qeyd olunub ki, siyasi və dövlət xadimi kimi məşhur olan V.Axundov çoxillik siyasi, ictimai, elmi və təşkilati fəaliyyətinə, eləcə də Böyük Vətən müharibəsi illərində göstərdiyi xidmətlərə görə Lenin ordeni, II dərəcəli Vətən müharibəsi, “Qızıl ulduz” ordenləri və 5 medalla təltif olunmuşdur.

Ə.Əmiraslanov, həmçinin qeyd edib ki, böyük alimin xatirəsini əbədiləşdirmək üçün Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna Vəli Axundovun adı verilib.

Tədbirdə Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd SalmanovQafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müaivini Həqiqət Qədirovavə başqaları çıxış edərək unudulmaz alimlə bağlı xatirələrini bölüşüb, onun həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıblar. Ölkəmizdə elm və səhiyyənin, iqtisadiyyatın, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında V.Axundovun mühüm rolu olduğu vurğulanıb, onun istedadlı təşkilatçı, ictimai və dövlət xadimi olduğu qeyd edilib.

Sonra Vəli Axundovun həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Alimin qızı Nigar Axundova atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

www.science.gov.az 

JURNALLAR
Faydalı linklər