Xəbərlər
Foto
Gəncədə gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçirilir.
Okt 13, 2016 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 7344 dəfə

Oktyabrın 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin dörd günlük beynəlxalq forumu işə başlayıb.Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AMEA-nın gənc alimləri, bir sıra institutların və ali məktəblərin doktorantları, dissertantları, həmçinin 14 ölkədən alimlər iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva tədbiri açaraq, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilən Gəncənin gələn il üçün MDB Ölkələrinin Mədəniyyət Paytaxtı tituluna layiq görüldüyünü bildirərək qloballaşan dünyada elm sahəsində çalışan insanların birgə əməkdaşlığının vacibliyindən danışmış, belə bir beynəlxalq əhəmiyyətli forumun, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmli olduğunu qeyd etmişdir. Sonra, Akademiyanın Prezidenti akademik Akif Əlizadənin forum iştirakçılına müraciətini AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov tərəfindən oxunub. AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev öz çıxışında, hazırda Gəncə şəhərində 650 fəlsəfə doktoru, 80-ə yaxın elmlər doktorunun elmi-təhsil müəssisələrində fəaliyyət göstərdiyini və bu forumun həmin müəssisələrdə aparılacaq elmi-tədqiqat işlərinin nəticələrinə müsbət təsir göstərəcəyini qeyd edib. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxış edərək, forumun elmi ekspertləri tərəfindən 14 ölkədən 350-yə yaxın tezisin gəbul edilərək toplu şəklində nəşr olunduğunu qeyd edib.  O, öz çıxışında bu forumun keçirilməsinin dünya elminə inteqrasiya ilə bağlı gənclər arasında elmi mühit yaratmaq və klassik mədəni tarixi və multikultural dəyərləri olan Azərbaycanı və qədim Gəncə şəhərini təbliğ etmək kimi iki məqsədi olduğunu göstərib. Sonra AMEA-nın Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının sədri Elnur Həsənov, Türkiyənin Doqquz Eylül Universitetinin doktorantı Çağlar Özər, Polşanın Yaqielloniya Universitetinin doktorantı Voyçex Vroblevski çıxış edərək forumun işinə uğurlar arzulayıblar. Konfrans işini bölmə iclaslarında davam etdirib.

JURNALLAR
Faydalı linklər