Xəbərlər
“Elm haqqında” Qanunun qəbul edilməsi ölkəmizin yeni inkişaf mərhələsinin tələblərindən doğan mühüm hadisədir
Avg 12, 2016 | 10:00 / Mühüm hadisələr
Oxunub 1584 dəfə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan elminin tarixində ilk dəfə olaraq 14 iyun 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. 7 fəsildən və 40 maddədən ibarət olan bu Qanunda elmi fəaliyyətlə bağli 40 anlayışın dəqiq izahı və tərifi verilməklə yanaşı, Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsipləri, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədləri, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələri, elmin maliyyələşdirilməsi mexanizmləri, habelə elmi işçilərin sosial müdafiəsinin təşkilati-hüquqi əsasları müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Fərmanının 2.5-ci bəndinə və “Elm haqqında” Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən dövlət ali elmi təkilatı statusu verilmişdir.

Qanunda elmi fəaliyyət sahəsində dövlətin vəzifələri öz əksini tapıb. Onların arasında elmin maliyyələşdirilməsi ilə bağlı mühüm müddəalar var.

Vacib məqamlardan biri də odur ki, Qanuna əsasən təhsilin fasiləsizliyini təmin etmək məqsədilə magistraturada və doktoranturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilir.

Qanunun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq dövlət orqanları ilə birlikdə qısa müddət ərzində bir sıra işləri həyata keçirəcək. Belə ki, ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər, elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləği, elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyən edilməli, habelə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında əsasnamə, elmi müəssisələrin akkreditasiyası qaydasını və elmi müəssisələrin akkreditasiyası qurumu haqqında əsasnamə, eləcə də baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı hazırlanıb təsdiq ediləcək.

“Elm haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın və yüksək intellektual səviyyəyə malik cəmiyyətin qurulması və inkişaf etdirilməsi baxımından son dərəcə böyük əhəmiyyətə malikdir və ölkəmizin yeni inkişaf mərhələsinin tələblərindən doğan mühüm hadisədir.

Əminağa SadıqovAMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru, professor

JURNALLAR
Faydalı linklər