Xəbərlər
Akademik Asəf Hacıyev: "AMEA və bütövlükdə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyan "Elm haqqında" Qanun daha yüksək elmi nəticələrin əldə edilməsinə geniş imkanlar yaradır"
Avg 11, 2016 | 11:50 / Mühüm hadisələr
Oxunub 1348 dəfə

"Elm haqqında” Qanunun uzun zamandır ki, müzakirə mərhələsində olmasının obyektiv səbəbi var idi. Belə ki, müasir elm sürətlə inkişaf etdiyindən qəbul olunan hər bir yeni qanun bu inkişafın əsas istiqamətlərini özündə əks etdirməlidir. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi və ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Elm haqqında” Qanunun hazırlanması prosesi uzun çəksə də, sonda mükəmməl nəticə əldə olundu. Mən, bu böyük nailiyyət münasibətilə AMEA, o cümlədən bütövlükdə Azərbaycan elmi ictimaiyyətini ürəkdən təbrik edirəm.

Lakin qeyd etmək lazımdır ki,  qəbul olunan bu qanun Azərbaycan elmi və alimləri qarşısında ciddi vəzifələr qoyur. Beynəlxalq elm aləminə inteqrasiya etmək, elmi innovasiyaları inkişaf etdirib onlardan istifadə etmək qanunda da öz əksini tapan mühüm məsələlərdir.

XX əsrin sonunda Sorbonna deklarasiyasında deyildiyi kimi, elm sərbəst və könüllü fəaliyyət sahəsidir. Bu tezisi nəzərə alsaq, yeni elmi mərkəzlər və tədqiqat universitetlərinin könüllü olaraq yaradılması çox önəmli məsələdir. Elm haqqında qanun alim və mütəxəssislərə, ictimai birliklərə elm fondları və digər elmi qurumlar yaratmaq imkanı yaradır ki, bu da yuxarıda qeyd olunan deklarasiyanın əsas prinsiplərinə uyğundur.

Azərbaycanın elmi müəssisələri, o cümlədən xarici ölkələrin aparıcı elmi mərkəzlərində yüksəkixtisaslı kadrların hazırlanması dövlət sifarişi ilə həyata keçirilir. Belə yanaşma elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetlərinin göstəricisidir.

Elm haqqında qanunda yüksəkixtisaslı elmi kadrların hazırlanması və bu məsələlərə dövlət tərəfindən vəsaitin ayrılması xüsusi qeyd olunur. Bu da, dövlətin elm sahəsinə göstərdiyi xüsusi diqqətin nəticəsidir.

Dünyanın qabaqcıl ölkələrinə nəzər salsaq, onların uğurlarının əsasında güclü elmi inkişafın dayandığının şahidi olarıq.  Qanunda Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasına, eyni zamanda elmi fəaliyyətin iqtisadiyyatına da xüsusi yer ayrılıb.

Bütün dünyada elm dövlət tərəfindən maliyələşsə də, son zamanlar “Sony”, “Samsung” kimi nəhəng özəl təşkilatlar da elm sahəsinə böyük vəsaitlər ayırır, bunun nəticəsindən irihəcmli gəlirlər əldə edirlər. Lakin buna baxmayaraq, elmə ayrılan vəsait əsas etibarilə dövlətə məxsusdur. Digər tərəfdən, elmdən əldə olunan gəlirlər o qədər böyükdür ki, yalnız dövlət kimi böyük qurum bundan səmərəli şəkildə faydalanmaq imkanına malikdir.

Bu səbəbdən elmə aid əsas vəsait dövlət tərəfindən ayrılmalı və dövlət bu vəsaitlərin xərclənməsinə xüsusi diqqət göstərməlidir. Yeni Qanunda bu prinsiplər də çox aydın şəkildə öz əksini tapıb.

Müasir dövrdə ən önəmli məsələlərdən biri də elm və onun nəticələrinə olan inamdır. Qanunda xüsusi maddə ilə elmi fəaliyyətin nəticələrindən istifadə yolları göstərilir.  

Bu gün Azərbaycanda əqli mülkiyyət və mədəni dəyərlərin oğurlanması problemi olduqca aktualdır. Əqli mülkiyyət hüququnun qorunmasına da qanunda ayrıca yer verilmişdir.

Əminliklə demək olar ki, AMEA və bütövlükdə Azərbaycan elmi qarşısında  mühüm vəzifələr qoyan bu qanun daha yüksək elmi nəticələrin əldə edilməsinə geniş imkanlar yaradır.

Asəf HacıyevAMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik 

JURNALLAR
Faydalı linklər