Elanlar
Akademik Vahab Əliyevin 110 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
May 15, 2018 | 14:20
Oxunub 124 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə 9-10 oktyabr 2018-ci il tarixində Azərbaycanın görkəmli alimi, texnika elmləri doktoru, professor, üç dəfə Dövlət Mükafatları Laureatı, əməkdar elm və texnika xadimi, akademik Vahab Səfərəli oğlu Əliyevin 110 illik yubileyinə həsr olunmuş “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” adlı Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Akademik  V.S.Əliyev neft kimyası və neft xammalının emalı səhasində tanınmış görkəmli alim olmaqla, Azərbaycanda neft emalı elminin və istehsalatının ilk yaradıcılarındandır.

Konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin neft kimyası və neft emalının inkişafındakı rolunun bir daha işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

I Bölmə

Neft emalı və neft-kimyasının perspektiv istiqamətləri;

II Bölmə

“Yaşıl kimya” və qaz kimyası;

III Bölmə

Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar;

IV Bölmə

Oliqomerlər kimyasında innovativ sintezlər və texnologiyalar.

 

TƏRTİB QAYDALARI

Plenar məruzələrin tezisləri (1-5 səhifə) və məruzələrin tezisləri (1 səhifə) aşağıdakı tələbata uyğun tərtib olunmalıdır:

-Məruzələr azərbaycan, rus və inglis dillərindən birində, A4 formatda,2 nüsxə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) kağız və elektron formada qəbul olunur;

-Məruzələrin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman standart 12 şriftlə, sətirlərarası interval-1,15, sağ və soldan - 2,5sm, yuxarı və aşağıdan -2,5sm, abzas -1,25 məsafə saxlamaqla və sətirdən sətrə keçməmək şərtilə çap olunmalıdır;

-Formulalar ChemDraw proqramında yığılmalıdır;

-Məruzəçinin adının altından xətt çəkilməlidir;

-Əvvəlcə məruzənin adı iri hərflərlə Times New Roman 12 şriftlə (B), 1 sətir sonra müəlliflərin adı, atasının adı və soyadı 12 şriftlə, 1 sətir sonra təşkilatın adı, şəhər və ölkə 12 şrift (I) və sonrakı sətirdə elektron poçt ünvanı 12 şriftlə (I) (U) verilməlidir;

-Mətnə daxil edilən cədvəllərin adı Times New Roman 10 şriftlə (B) (I), 1,15 intervalla yazılmalıdır. Cədvəlin içində mətn Times New Roman 10 şriftlə verilməlidir;

-Mətnə daxil edilən şəkillər, sxemlər, qrafik materiallar mətnin içində və ya sonda olmalıdır. Şəkilaltı yazılar Times New Roman 10 şriftlə (B) (I) yazılmalıdır. Şəkillər ayrıca JPG formatda da göndərilməlidir;

-Səhifələr nömrələnməməlidir.

-Ədəbiyyat siyahısı Times New Roman 10 sriftlə yazılmalı, nömrələnməsi adi qayda üzrə olmalıdır.

Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır.

Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Məruzələrin tezislərinin qəbulu 1 iyun 2018-ci il tarixinə qədər davam edəcək.

Qəbul olunmuş məruzələr haqqında məlumatlar 15 sentyabr 2018-ci il tarixindən başlayaraq müəlliflərə çatdırılacaq.

 

Əlaqə məlumatları: e-mail: ipcp_lab3@mail.ru;

tel: (+99412) 490-24-43

JURNALLAR
Faydalı linklər